Çay — quruda özünün əmələ gətirdiyi yataq üzrə hərəkət edən su axını. Hər bir çayın uzunluğu, dərəsinin eni, düşməsi, meyilliyi, axın sürəti, su sərfi, asılı maddələrin miqdarı, suyun kimyəvi tərkibi, hövzəsinin sahəsi ilə səciyyələnir.
Çayın mənbəyi
Çayın başladığı yerə çayın mənbəyi deyilir. Çayın mənbəyi dağ buzlağı, göl, bataqlıq, bulaq ola bilər. Məsələn Anqara çayı Baykaldan, Amudərya buzlaqlardan, Dneprin sağ qolu olan Prepit çayı Pripet bataqlığından, Azərbaycan çaylarının bəziləri isə bulaqlardan başlayır.
Çayın mənsəbi
Çayın töküldüyü yerə isə çayın mənsəbi deyilir. Çayın mənsəbi göl, bataqlıq, okean, dəniz, körfəz, boğaz (çay), digər çay ola bilər. Çayın əmələ gətirdiyi və onun axıma uyğun mənbəyindəm mənsəbinə doğru meyilli olan nisbətən ensiz, uzunsov çökəkliyə çayın dərəsi deyilir.
Çay mənsəbdə genişlənərək töküldüyü hövzəyə doğru "körfəz"yaradarsa, belə mənsəb estuari adlanır. Mənsəbi estuari olan çayların bəziləri: Ob, Yenisey, Parana, Amazon, Kolorido, Kolumbiya, Murrey, Müqəddəs Lavrenti və s. Estuari dünya okeanına tökülən, yüksək axın sürətinə malik olan dağ çaylarında yaranır.Belə ki,çayın gətirdiyi bərk maddələr yüksək sürət hesabına aşağı axarda toplanmır, birbaşa töküldüyü hövzənin içərilərinə doğru aparılır (Konqo, Yenisey, Taxo, Kolorado və s.dağ çayları). Bir çox düzənlik çaylarındada estuari yaranır (Amazon, Müqəddəs Lavrenti, Ob və s.) Bunun səbəblərindən biri mənsəbdə baş verən yüksək okean qabarma və çəkilmələridir. Qabarma zamanı çayda su mənsəbdən geriyə doğru axır ki,buna qabarma boru deyilir. Estuarinin yaranmasının digər səbəbi mənsəbdən keçən okean cərəyanlarıdır.Cərəyanlar mənsəbdə toplanan çöküntüləri okeanın dərinliklərinə aparır.
Çay dərələri
Mənşəyinə görə çay dərələri əsasən eroziya mənşəli olur. Lakin bəzi çayların dərələri tektonik çökəklikdə yerləşir. Orta və aşağı axarlarda çayın dərəsi xeyli geniş olarsa,ona çay vadisi deyilir.Məsələn; Nilin, Kürün, Qanqın vadiləri kimi. Çay dərəsinin su ilə örtülü hissəsinə yataq deyilir. Çay mənsəbdə çoxlu qollara ayrılaraq delta əmələ gətirir.
Çayın deltası
Delta çayın aşağı axarında sürətinin azalması hesabına toplanan çöküntülər nəticəsində allüvial düzənliklərə çevrilir və tədricən böyüyür. Mənsəbində delta olan çayların bəziləri: Lena, Nil, Missisipi, Orinoko, Volqa, Kür, Niger, Dunay, Qızılirmaq, Hind, Qanq-Brahmaputra, İravadi, Xuanxe və s.
Məşhur çaylar
- Amazonka — Braziliya
- Amur-Dərya — Orta Asiya
- Amur — Uzaq Şərq
- Arkanzas (çay)
- Visla — Polşa
- Volqa — Rusiya
- Qanq — Hindistan
- Dnepr — Şərqi Avropa
- Don — Rusiya
- Dunay — Avropa
- Nil — Afrika
- Kür — Zaqafqaziya
- Araz — Cənubi Qafqaz

Göl — təbii şirinsulu su hövzəsi. Geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on min illərdə əmələ gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs. Baykal gölü).
Göllər Dünya Okeanın hissəsi hesab olunmur.
Dünyanın ən böyük gölu Xəzər dənizidir. O, böyük olduğu üçün dəniz adlanır. Göllərin suyu əsasən şirin olsa da, şor sulu göllər də az deyil. Belə şor sulu göllərdən biri Cənubi Azərbaycanda yerləşən Urmiya gölüdür.
Göllərinin sayı ən çox olan ölkə Kanadadır, dünya göllərinin 60%-i Kanada ərazisindədir. Kanadada ölkənin 9%-ni tutan 3 000 000-dan çox göl vardır.
Böyük göllər



Yer kürəsindəki göllərinin ümumi sahəsi quru hissənin təqribən 1,8 %-ni (təqribən 2,7 mln km²) təşkil edir.
Göllər mənşəyinə görə aşağıdakı qruplara bölünür:
1. Tektonik göllər: belə göllərin çalaları tektonik sınmada yerləşir.Tektonik mənşəli göllər sinklinal çökəkliklərdə enli və nisbətən dayaz(Xəzər,Viktoriya),qrabenlərdə yerləşdikdə isə uzunsov və dərin olur(Baykal,Tanqanika,Nyasa).
2. Zəlzələ,uçqun və yaxud bənd gölləri: çay dərələrinin qarşısının dağ uçqunları(Göygöl,Maralgöl,Sarez və s.)sürüşmə və ya lava axənları tərəfindən kəsilməsi nəticəsində yaranır.
3. Vulkan göllər: gölün təbii çökəkliyini vulkanın krateri və eyni zamanda ətraf sahələrə yayılmış lavalar arasındakı çökəklik təşkil edir.
4. Meteorit göllər: nə vaxtsa yerin səthinə düşmüş meteoritin yaratdığı çökəklikdə su toplanması nəticəsində əmələ gəlir.(Estoniyadakı Kaala gölü).
5. Buzlaq mənşəli göllər: buzlaqlar tərəfindən "qazılmış"çuxurlarda və ya buzlaq təpələri və tirələri arasındakı çökəkliklərdə əmələ gəlir.Skandinaviya yarımadasında və Kanada-Arktik arxıpelağında belə göllər çoxdur (Çud,Vinnipeq,Böyük Ayı,Böyük Kölə,Böyük Göllər və s.).
6. Karst gölləri: yeraltı suların təsiri ilə əhəng daşı,dolomit,gips həll olur və bu yolla yaranan çökəkliklərə cod,lakin duru su dolur. Onlar kiçik,nadir hallarda dərin olurlar (Qərbi sibirin cənubundakı Çanı gölü və s.)
7. Eol gölləri: küləyin fəaliyyəti ilə yaranan çalalarda əmələ gələn göllərdir.
8. Su-erozion-akkumiliyativ göllər: dəniz sahilində,qədim çay dərələrində əmələ gəlir.Çay dərələrində yaranan göllər axmazlar adlanır.
9.Axmaz göllər Axmazlar çayların dərəsində formalaşır .Zaman keçdikcə çaylar öz axın istiqamətini dəyişir və köhnə yataqda göl yaranır .Azərbaycan ərazisində böyük göl-Sarısu gölü axmazdır.